Artıq istifadəçilər qarşılarına çıxan Gen AI kontentinin miqdarını özləri tənzimləyə biləcəklər.
Milyonlarla istifadəçisi olan Pinterest insanlara yaradıcılıqlarını dünya ilə paylaşmaq imkanı verir. Bu platformada insanlar hazırladıqları və ya dizayn etdikləri şəkilləri paylaşır, digərlərinin rəylərini dəyərləndirirlər. Lakin Pinterest qeyd edir ki, bəzi istifadəçilər Gen AI kontenti ilə bağlı daha çox şəffaflıq və nəzarət imkanı tələb edirlər.
Məhz bu səbəbdən Pinterest, süni intellektlə yaradılmış məzmunların aydın şəkildə tanınması üçün yeni bir funksiyanı sınaqdan keçirməyə başlayıb. Belə ki, Gen AI ilə yaradılmış şəkillərə “AI modified” etiketi əlavə ediləcək. Bununla yanaşı, istifadəçilərə bu tip kontentlərin onlara nə qədər göstərilməsinə qərar vermək imkanı təqdim olunacaq.
“İnsanlar Pinterest-də süni intellekt tərəfindən yaradılmış kontentlə qarşılaşdıqda, biz onların gördükləri kontentlə bağlı daha məlumatlı qərarlar vermələrinə şərait yaradırıq,” – deyə Pinterest-in baş texnologiya direktoru Matt Madrigal bildirib. O əlavə edib ki, Pinterest Gen AI-ın insanların kreativliyinə və ilham mənbələrinə müsbət təsirini qəbul edir və istifadəçilərə bu yeni məzmun növləri üzərində daha çox nəzarət imkanı vermək niyyətindədir.
Pinterest qarşıdakı aylarda süni intellekt sahəsindəki fəaliyyətlərini genişləndirmək və bu istiqamətdə daha çox alət təqdim etmək üzərində çalışacağını da açıqlayıb.